Birinci həyət
| |
Aya İrina kilsəsi və Zərbxana |
Hündür divarlarla əhatə olunan Birinci həyət Sarayburnu tərəfdə yerləşir. Birinci həyət (I. Avlu və ya Alay Meydanı) saray binasından ən uzaq ərazi olmaqla ərazisinə görə sarayın dörd həyəti arasında ən böyüyüdür. Hələ Bizans hakimiyyəti dövründə dənizə istiqamətləndirilən yamaclar terras formasına salınmışdı.
Birinci həyətdə əsasən xidməti binalar və bəziləri dövrümüzə çatmamış məbədlər yerləşirdi. Birinci həyətdə dövrümüzə çatmış tikililər zərbxana (Darphane-i Âmire, 1727-ci ildə inşa edilib), Aya İrina kilsəsi və müxtəlif bulaqlardır. Konstantinopolu fəth edən Osmanlılar Aya İrina kilsəsini dağıtmamış, anbar və imperiya arsenalı kimi istifadə etmişlər.
Birinci həyət həm də Yeniçəri həyəti və ya Parad həyəti kimi tanınırdı. Sarayı ziyarət edən ziyarətçilər Salamlama qapısından keçərək İkinci həyətə daxil olurlar. Hakimiyyət nümayəndələri və yeniçərilər ən yaxşı geyimlərində məhz bu qapının kənarında düzülərək imperatoru salamlayırdılar. Ziyarətçilər birinci və ikinci həyətdə atlarından düşməli idilər.
Salamlama qapısı
Həm də Orta qapı (Orta kapı) kimi tanınan geniş Salamlama darvazası (Bâb-üs Selâm) saray istiqamətində gedən yol üstündə İkinci həyətə açılır. Bu dişli darvazanın hər iki tərəfində səkkizbucaqlı qüllələr ucalır. Bu darvazanın inşa tarixi dəqiq bilinmir, memarlıq baxımından abidədə Osmanlı memarlığından çox Bizans memarlığının təsiri hiss olunur. Belə bir fikir var ki, bu darvaza Bizans dövründə Bosfor sahilində yerləşən saray bağlarına çıxmaq üçün istifadə edilən Müqəddəs Barbara darvazasının təkrarıdır.
Qapı üzərindki kitabələrdən birində onun ən geci 1542-ci ildə inşa edildiyi qeyd edilir. 1584-cü ilə aid "Hünərnamə" əlyazmasındakı miniatürlərdən birində alçaq damlı, iki qülləsi arasında tağlı pəncərələri olan tikili aydın görünür, ehtimal ki, nəzarətçilər zalı o vaxt artıq sökülmüşdü. Darvaza hər iki tərəfdən zəngin bəzədilib, yuxarı hissəsində isə dini kitabələr və sultanların monoqramları vardır.
Rəsmi nümayəndələr və xarici səfirlərdən heç kimə bu darvazadan atla keçməyə icazə verilmirdi. Bütün ziyarətçilər darvazaya yaxınlaşarkən atdan düşməli idilər, çünki, yalnız sultan bu darvazadan atla keçə bilərdi. Bizans dövründə bu adət Böyük Konstantinopol sarayının Çalka darvazasına aid idi. Cəlladların edamdan sonra qılınc və əllərini yuduqları Cəllad bulağı da bu ərazidə yerləşir. Birinci həyətdən Salamlama qapısına baxdıqda, Cəllad bulağı qapının sağ tərəfində yerləşir.
İkinci həyət
Sultan III Səlimin İkinci həyətdəki Səadət qapısı qarşısında əyanlarla görüşü. Əyanlar ciddi protokol qaydalarına uyğun olaraq düzülüblər, 1789-cu il.
Salamlama qapısını keçən ziyarətçilər bəzən Divan meydanı da adlandırılan, tovuzquşuları və ceyranların gəzişdiyi, saray əhlinin toplanma yeri kimi də istifadə olunan İkinci həyətə daxil olurlar. Bu həyət də bayır həyət hesab olunur. Yalnız sultana üçüncü həyətə aparan qara çaxmaqdaşılı yolda atla keçməyə icazə verilirdi.
İkinci həyət (II. Avlu və ya Divan Meydanı) təxminən 1465-ci ildə II Mehmedin hakimiyyəti dövründə tamamlanmış, lakin müair görünüşünü 1525–1529-cu illərdə Qanuni Sultan Süleymanın hakimiyyəti zamanı almışdır. Bu həyətdə saray xəstəxanası, çörəkxana, yeniçərilər üçün yaşayış yerləri, axırlar, hərəmxana, mətbəxlərdən şimalda isə Divanxana yerləşir. Həyətin sonunda Səadət darvazası yerləşir. Bütün həyət ərazisi mərmər kollonada ilə əhatələnib ki, bu da ümumi ansambl yaradır.
Saray ərazisində arxeoloji qazıntılar zamanı Roma və Bizans dövrlərinə aid çoxsaylı artefaktlar aşkarlanmışdır. Əldə edilmiş məmulatlar arasında sarkofaq, vəftiz əşyaları, parapet qalıqları, sütun altlıqları və sütunlar da vardır. Hazırda əldə edilmiş artefaktlar İkinci həyətdə, saray mətbəxlərinin qarşısında nümayiş etdirilir. İkinci həyətin altında Bizans dövrünə aid edilən sistern vardır. Adətən sistern ziyarətçilər üçün bağlı olur.
İkinci həyət sultan tərəfindən ədalətin bərpa edilməsi və şikayətlərin dinlənməsi üçün istifadə edilirdi. Dinləmələrin keçirilməsi həm də saray ziyarətçilərində müsbəət təəssürat yaradılması məqsədi daşıyırdı. Avstriya, Venesuya və Fransadan olan müxtəlif səfirlərin məlumatlarında bu cür dinləmələrin necə keçməsi haqqında məlumatlar vardır. Fransız səfir Filipp dü Fren-Kanye 1517-ci ildı suktanın yanına göndərilmiş səfir heyətinə rəhbərlik etmişdi:
| “Sağ tərəfdə, qapıya çox yaxın yerdə sarayın ən yüksək mövqeli nümayəndələrindən biri olan Yeniçəri ağası dayanırdı. Səfir onları başı ilə salamladı, onlar yerlərində duraraq təzim edərək salam verdilər. Həmin vaxt divanın divarları yanında düzülmüş silahsız yeniçəri dəstəsi də eyni hərəkəti etdi, bu zaman aşağı əyilən çoxsaylı türbanlar günəş şüaları altında dalğalanan tarlanı xatırladırdı […] Divanxana divarları boyunca düzülmüş bu çoxsaylı yeniçəri və digər əsgər dəstələrinə biz böyük həzzlə baxırdıq, monaxın qarşısında onlar elə səssiz və hərəkətsiz dayanmışdılar ki, sanki heykəl idilər. Onlar bu şəkildə, tərpənmədən və danışmadan yeddi saata yaxın durdular. Əlbəttə, hazırlığı görmədikdə bunun necə baş verdiyini və bu nizam-intizamın əsasında nə durduğunu bilmək çətindir […]” | |
İkinci həyətdə işlərin gedişini idarə edən, nizam-intizam və hörmətin əsasında duran ciddi protokol qaydaları həm də divanın möhtəşəmliyi təsirini bağışlayırdı.
Divanxana
Divanxananın rokoko stilində həll edilmiş əsas giriş qapısı İmperiya Divanxanası (Dîvân-ı Hümâyûn) binası dövlət nazirləri, divan heyəti (Dîvân Heyeti), Böyük vəzir (Paşa Kapısı), digər vəzirlər də daxil olmaqla Osmanlı dövlətinin digər yüksək rütbəli məmurlarının da toplantılar keçirdiyi otaqdır. Divanxana həm də Qübbətaltı (Kubbealtı) adlandırılırdı ki, bu da zalın üzərini örtən nəhng qübbəyə uyğun olaraq yaranmış addır. Divanxana İkinci həyətin şimal qərbində, Səadət darvazasının yaxınlığında yerləşir.
Topqapı sarayında ilk divanxana binası II Mehmedin hakimiyyəti dövründə inşa edilsə də, hazırkı divanxana binası Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə saray memarı Əlsəddinin layihəsi əsasında inşa edilmişdir. Bundan sonra binada bir neçə dəfə yenidənqurma və bərpa işləri aparılmış, 1665-ci il böyük hərəmxana yanğınından sonra ciddi təmir edilmişdir, giriş qapısı üzərindəki kitabədən bəlli olur ki, divanxana binası III Səlim və II Mahmudun hakimiyyəti dövründə də bərpa edilmişdir.
XVIII əsrdən başlayaraq saray tədricən yaşayış yeri kimi əhəmiyyətini itirməyə başlayır və əsasən Böyük Vəzirlərin iqamətgahı kimi (Bâb-ı Âli) istifadə olunur. Topqapı sarayında son divan toplantısı çərşənbə günü, 30 avqust 1876-cı ildə keçirilir və divan heyəti (Vükela Heyeti) V Muradın müvəqqəti olaraq vəzifəsini icra edə bilməməsini müzakirə edir.
Divanxana binasının həm saraydan həm də həyətdən giriş qapısı vardır. Verandada bir neçə mərmər və profir sütunlar yaşıl və ağ rənglərlə bəzənmiş qızılı işləməli taxta tavanı saxlayır. Döşəmə mərmərdəndir. İçəridən divanxanaya giriş rokoko stilində işlənmişdir, qızıl suyuna çəkilmiş çərçivələrdən düşən işıq təbii işıqlanması təmin edir. Sütunlar erkən osmanlı memarlığı dövrünə aid olsalar da, divar rəsmləri və dekorasiyalar sonrakı rokoko dövrünə aiddir. İçəridən divanxana bir-birinə bitişik üç otaqdan ibarətdir. Qübbəli otaqlardan ikisi eyvana və həyətə açılır. Divan meydanının küncündə XV əsrdə inşa olunmuş taxta portikli Divanxana sonradan divan üzvlərinin məscidi kimi istifadə olunmuş, 1916-cı ildə isə sökülmüşdür. Divanxana üç qübbəli otaqdan ibarətdir: Qübbəaltı müzakirələrinin keçirilməsi üçün istifadə olunan birinci otaq, divan katiblərinin çalışdığı ikinci otaq və ikinci otağa bitişik olan və divan katiblərinin qeydlərinin saxlandığı Dəftərxana (Defterhāne) otağı. Üçüncü otaq həm də sənədlər arxivi kimi istifadə olunurdu.
Divanxananın fasad kitabələrində Sultan III Səlim və II Mahmudun hakimiyyəti dövründə, 1792 və 1819-cu illərdə Divanxana binasında təmir-bərpa işləri aparılmışdır. Divanxananın interyer və eksteryerini bəzəyən rokoko dekorasiyaları da bu bərpa işləri zamanı əlavə edilmişdir. Əsas otaq olan Qübbəaltı Osmanlı Kütahya kaşıları ilə bəzədilmişdir. Divarlar boyunca yerləşdirilmiş üç uzun divan divan nümayəndələrinin oturması üçün nəzərdə tutulmuşdu, mərkəzdə isə kiçik bir ocaq vardır. Tavandan asılmış qızıl suyuna çəkilmiş kürə yer kürəsini təmsil edir. Sultanın pəncərəsi önündə asılan kürə onun dünyada ədalətin təminatçısı olduğunu simvolizə etməklə yanaşı, həm də vəzirlərin güclərinin nəzarətdə saxlandığına işarə edir.
İmperiya Divanının görüşlərində siyasi, inzibati və dini məsələlərə baxılmış, əhalinin problemləri müzakirə edilmişdir. Divan adətən həftədə dörd dəfə (şənbə, bazar, bazar ertəsi və çərşənbə axşamı) axşam namazından sonra toplanırdı.Divan toplantıları adətən sərt protokol qaydaları əsasında keçirilirdi.
Jan Baptist Vanmur — Baş vəzir dinləmədə, 1724
Böyük Vəzir, vəzirlər, Rumeli və Anadolu Hərbi Məhkəmə rəhbərləri (Kazasker), Maliyyə Naziri və ya Xəzinə Başçısı (Dəftərdar), Xarici İşlər Naziri (Reis-ül-Küttab) və bəzən Böyük Müfti (Şeyh ül-İslam) burada görüşərək müzakirələr aparır və dövlər işləri haqqında qərar verirdilər. Divan toplantısında iştirak etmək hüququ olan digər şəxslər divanxana katibləri, imperatoru möhürünü (tuğra) daşıyan saxlayıcılar və rəsmi memorandumların tərtib olunması ilə məşğul olan şəxslər (Tezkereciler) idilər.
Qızıl suyuna çəkilmiş çərçivəsi olan pəncərədən Sultan və ya Validə Sultan diqqət çəkmədən divan toplantılarını dinləyə bilirdilər. Pəncərəyə gedən yol Ədalət qülləsində yerləşən imperator otağından başlayırdı. Sultan çərçivəyə vurduqda və ya qırmızı pərdə saldıqda divan toplantısı yekunlaşdırılır vəzirlər sənədləri vermək üçün bir-bir Dinləmə otağına (Arz Odası) dəvət olunurdular.
Baş Vəzir xaric olmaqla bütün dövlət adamları sübh namazını Aya Sofiyada qılır, daha sonra isə İmperiya Darvazasından keçərək mövqelərinə uyğun sıra ilə Salamla qapısına qədəm qoyur və əsas divanxana otağına daxil olaraq Baş Vəzirin gəlməsini gözləyirdilər. Baş Vəzir namazı evində qılırdı və saraya kimi şəxsi mühafizəçiləri tərəfindən müşahidə olunurdu. Divan toplantısına başlamadan öncə Baş Vəzir əvvəlcə divan üzvlərini salamlayır, daha sonra isə Sultan və onun ailəsinə hörmət olaraq Səadət qapısını salamlayırdı. Divan otağına daxil olan vəzir sultanın pəncərəsi altındakı taxtda oturur və divanın müzakirəsi başlanırdı. Müzakirələr adətən günortaya kimi davam edir, divan üzvlərinin naharından sonra isə səsləndirilən məsələlərlə əlaqəli qərarların qəbul edilməsinə başlanılırdı. Osmanlı cəmiyyətinin bütün nümayəndələri, müxtəlif inancları olan qadınlar və kişilərin rpoblemləri bu divanda dinlənilir və qərar çıxarılırdı. Yeni təyin edilmiş Baş Vəzirlərə dövlət möhürünün (Mühr-ü Hümayûn) təqdim edilməsi mərasimi mühüm hesab edilirdi. Üç aydan bir yeni yeniçərilərin orduya qəbul edilməsi kimi vacib mərasim keçirilirdi. Ənənəvi olaraq xarici səfirlər və nümayəndələrin qəbul edilməsi də həmin günə təyin olunurdu ki, dövlətin zənginliyi və gücü göstərilsin. Səfirlər Baş Vəzir tərəfindən divan üzvlərinin iştirakı ilə qəbul edilir və onların şərəfinə ziyafət verilirdi.
Ədalət qülləsi
Ədalət qülləsi İmperiya Divanxanası ilə Hərəmxana binası arasında yerləşir. Çoxmərtəbəli qüllə saray kompleksinin ən hündür binasıdır və qüllədən Bosfora gözəl mənzərə açılır. Qüllə II Mehmedin hakimiyyəti dövründə inşa olunsa da, 1527–1529-cu illərdə Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə isə yenidən qurulmuş və genişləndirilmişdir.
1825-ci ildə Osmanlı özülünü saxlayan II Mahmud qüllənin fənər hissəsini yenidən qurdurmuşdur. Sütunlarla dövrələnmiş İntibah memarlığı stilində frontonları olan hündür pəncərələr qülləyə Palladian stili verir.
Qüllə sultanın daima ədalətsizliyə qarşı olduğunu simvolizə edir. Şəhərin hər yerindən türbənin görünməsi insanlarda sultanın hər yeri görməsi təsirini yaratmalı idi. Qüllə sultan tərəfindən həm də ətrafın mənzərələrini izləmək üçün istifadə olunurdu. Birinci qüllənin pəncərələri çərçivə ilə qapadılmışdı ki, bu da, izləyicinin görünməsini məhdudlaşdırırdı. İmperiya Divanının qızıl pəncərəsinin Ədalət qülləsinə istiqamətlənməsi onun simvolik mənasını daha da artırırdı.
Xəzinə
Hazırda silahlar və zirehlərin sərgiləndiyi bina saray xəzinəsi (Dîvân-ı Hümâyûn Hazinesi / Hazine-ı Âmire) olmuşdur. Bundan başqa Üçüncü həyətdə başqa bir xəzinə binası (Dış hazine) da olmuşdur. Baxmayaraq ki, Xəzinə binasında tarixli kitabə yoxdur, inşaat texnikası və planlaşdırma xüsusiyyətlərinə görə onun XV əsrdə, Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə inşa olunduğunu ehtimal edirlər. Müxtəlif dövrlərdə xəzinə binasında da təmir və bərpa işləri aparılmışdır. Xəzinə binası kərpic və daşdan inşa edilmiş, üstü hər biri 5×11.40 m ölçülü altı gümbəzlə örtülmüş zaldan ibarətdir.
Bu xəzinə ölkənin maddi vəziyyətinin təmin edilməsi üçün istifadə edilirdi. Vəzirlərə, səfirlərə və digər şəxslərə bağışlanan kaftanlar, sultanın və onun ailə üzvlərinin qiymətli əşyaları da burada saxlanırdı. Yeniçərilərə ödənilən maaş (uluefe adlandırılırdı) da bu xəzinədən Baş Vəzirin möhürü əsasında verilirdi.1928-ci ildə, Topqapı sarayının muzeyə çevrilməsindən sonra Xəzinə binasında silah və zireh kolleksiyası sərgilənməyə başlamışdır.
1937-ci ildə saray ərazisində aparılan arxeoloji qazıntılar zamanı xəzinə xinasının qarşısında V əsrə aid edilən Bizans dini binasının qalıqları aşkarlanmışdır. Tarixi sənədlər və mənbələrdə adı keçən heç bir kilsə ilə identikləşdirilə bilinmədiyinə görə abidə "Topqapı sarayı bazikilası" və ya sadəcə "Saray bazilikası" adlandırılmışdır.
Xəzinə binasının qarşısında iki metr hündürlüyündə Nişan Daşı (Nişan Taşı) yerləşir. Bu daş 1790-cı ildə III Səlimin atəşi şərəfinə ucaldılmışdır. Bu daş saraya Levend ərazisindən 1930-cu illərdə köçürülmüşdür.
Səadət darvazası
Səadət darvazası (Bâbüssaâde və ya Bab-üs Saadet) Üçüncü həyət də adlandırılan Daxili həyətə keçid darvazası olmaqla saray kompleksinin daxili (Birûn) və xarici (Enderûn) hissələrini ayırır. Üçüncü həyət sarayın məhrəm və yaşayış hissəsini təşkil edir. Darvazanın üzərində nazik mərmər sütunlar tərəfindən dəstəklənən gümbəz vardır. Bu gümbəz sultanın sarayda olmasını təmsil edir. Sultanın razılığı olmadan heç kim bu darvazadan keçə bilməzdi. Hətta baş vəzir belə müəyyən günlərdə və müəyyən şəraitlərdə yalnız sultanın icazəsi ilə bu darvazadan keçə bilərdi.
Darvazanın daxilində barokko stilində çəkilmiş divar rəsmlərindən biri
Darvaza ehtimal ki, XV əsrdə, II Mehmedin hakimiyyəti dövründə inşa edilmişdir. 1744-cü ildə Sultan III Mustafanın, daha sonra isə II Mahmudun hakimiyyəti dövründə darvaza rokoko stilində bəzədilmişdir. Sonradan darvazanın dekorasiyasına Qurandan surələr və tuğralar da əlavə edilmişdir. Darvazanın tavanı qismən təsvirlər və qızılı yarpaqlarla bəzədilmiş, mərkəzdə isə qızıl kürə asılmışdır. Kənarlar barokko stilində dekorasiyalar və peyzaj miniatürləri ilə bəzədilmişdir.
Sultan bu darvaza və Divan meydanından yalnız xüsusi mərasimlər zamanı istifadə edirdi. Dini bayramlar və digər xüsusi günlərdə sultan darvaza qarşısında qoyulan Bayram taxtında əyləşir, dövlət məmurları və səfirlər isə onunla görüşərək salamlaşma mərasimini həyata keçirirdilər. Sultanların yas mərasimləri də məhz bu darvazanın qarşısında keçirilirdi.
Bu sütunlu girişin digər tərəfində hərəmin Baş yevnuxunun (Bâbüssaâde Ağası) və ona tabe olan digər yevnuxların otaqları, saray məktəbinin kiçik və böyük otaqları yerləşirdi. Qapının qarşısında yerdə yerləşdirilmiş kiçik daş işarə Məhəmmədin bayrağının sancıldığı yeri göstərir. Bu bayraq təntənəli şəkildə döyüşə gedən Baş Vəzir və ya ordu komandirinə həvalə edilirdi.
Saray mətbəxləri
Uzunsov bina olan Saray mətbəxləri (Saray mutfakları) sarayın planlaşdırılmasında xüsusi rol oynayır. Mətbəxlərin bəziləri XV əsrdə, saray binasının inşa edilməsi dövründə inşa edilmişdi. Saray mətbəxləri Ədirnədəki Sultan sarayının mətbəxləri əsasında dizayn edilmişdir. Mətbəxlər Qanuni Sultan süleymanın hakimiyyəti dövründə genişləndirilsə də, 1574-cü ildə baş vermiş yanğın zamanı yanaraq məhv olmuşdur. Bundan sonra Memar Sinan mətbəxlərin yenidəən inşa olunması işini həyata keçirmişdir.
Köhnə plan əsasında Memar Sinan tərəfindən bərpa edilmiş mətbəxlər 20 geniş bacaya (Sinan tərəfindən əlavə olunmuşdur) malikdir. Mətbəxlər saraydaxili küçədə, Mərmərə dənizi ilə ikinci həyət arasında yerləşir. Bu bölməyə giriş İkinci həyətdə yerləşən üç qapı vasitəsiylə həyata keçirilir: imperiya kommissariatı (aşağı mətbəx) qapısı, imperiya mətbəxi qapısı və şirniyyat mətbəxi qapısı.
Saray mətbəxləri 10 gümbəzli binadan ibarətdir: imperiya mətbəxi, Enderûn (saray məktəbi), Harem (qadınlar üçün olan bölmə), Birûn (sarayın xarici xidmət bölməsi), mətbəxlər, içki mətbəxləri, şirniyyat mətbəxləri, yağ istehsal olunan məkan, anbarlar və aşbazların otaqları. Sultan, hərəmxana sakinləri, Enderûn və Birûn nümayəndələri üşün yeməklər burada hazırlanırdılar. Mətbəxlərdə təxminən 4000 nəfər üçün yemək hazırlanırdı. Mətbəxlərdə çalışanların sayı 800 nəfərdən dini bayramlar zamanı 1000 nəfərə kimi çatırdı. Gün ərzində 6000-dən çox fərqli yemək hazırlana bilərdi. Hətta sultanın yemək payı belə sərt protokol qaydaları ilə müəyyənləşdirilirdi.
Mətbəx kompleksinə orada çalışanlar üçün yaşayı yerləri, hamamlar və məscidlər də daxil idi ki, onların da bir çoxu dövrümüzə çatmamışdır. Bu gün saray mətbəxlərində orta əsrlərin mətbəx ləvazimatı ilə yanaşı gümüş hədiyyələr kolleksiyası, qab kolleksiyası, həmçinin geniş ağ və mavi çini qablar kolleksiyası nümayiş olunur.
İmperiya axırları
İkinci həyətin digər tərəfində, dəniz səviyyəsindən beş-altı metr aşağıda imperiya axırları (Istabl-ı Âmire) yerləşir. İmperiya axırlarının tərkibinə daxil olan xüsusi axır (Has Ahir) II Mehmedin hakimiyyəti dövründə inşa edilmiş və Qanuni Sultan Süleymanın hakimiyyəti dövründə yenidən qurulmuşdur. Hazırda xüsusi axırda xəzinədən olan qoşqu ləvazimatları (Raht Hazinesi) sərgilənir. Həmin ərazidə həm də I Mahmudun hakimiyyəti dövründə qızlar ağası olmuş Bəşir ağanın inşa etdirdiyi Bəşir ağa məscidi və hamamı (Beşir Ağa Camii ve Hamamı) yerləşir.
Zülüflü baltaçılar koğuşu
İmperiya axırlarının sonunda Zülüflü Baltaçılar koğuşu yerləşir. Bu otaqlar saray otaqlarına ağac daşınması, təmizlik, hərəm otaqları və digər otaqlara xidmət edən, mebellərə xidmət edən və mərasimləri təşkil edən şəxslər üçün nəzərdə tutulmuşdu. Halebarda uzun başlığı və tutacağı ilə seçilən balta növüdür. Zülüflü baltaçılar dəstəsi haqqında məlumat ilk dəfə 1527-ci ildə qeyd edilir və onların hərbi kompaniyalar zamanı ordunun yolunu təmizlədikləri bildirilir. Koğuşun əsası XV əsrdə qoyulmuşdur. Sultan III Muradın hakimiyyəti dövründə, 1587-ci ildə saray memarı Davud ağanın rəhbərliyi ilə koğuş genişləndirilmişdir. Koğuşa osmanlı evləri üçün ənənəvi olan məscid, hamam və yaşayış otaqları daxildir. Kompleksin daxilində və xaricində bir neçə dəstamaz bulağı və müxtəlif yazılar görmək mümkündür. Saray kompleksinə daxil olan digər binalardan fərqli olaraq Zülfülü Baltaçılar Koğuşu taxtadan inşa olunmu, qırmızı və yaşıl boyalarla rənglənmişdir.
Üçüncü həyət
Üçüncü həyətin planı: 1.Dinləmə otağı, 2. III Əhmədin kitabxanası, 3. Daxili xəzinə, 4. Məhrəm otaq, 5. Səfərli koğuşu, 6. Qılınc-daşıyanlar qalereyası, 7. Miniatür və Portret qalereyası, 8. Topqapı Muzeyinin direktorluq binası, 9. Müvəqqəti sərgilər zalı, 10. Ağalar məscidi, 11. Hərəmxanaya çıxış, 12. Quşxana, 13. Hərəmağasının mənzili, 14. Yevnuxların otaqları.
Səadət qapısının arxasında Daxili saray (Enderûn Avlusu) da adlandırılan və sultanın hərəmdən kənar həyatını keçirdiyi, buna görə də saray kompleksinin özəyi hesab edilən üçüncü həyət yerləşir. Üçüncü həyət kənarlarında Məhrəm Otaq (Has Oda), Xəzinə (Osmanlı dövrünə aid bəzi çox mühüm xəzinə nümunələri, nadir Osmanlı miniatürləri və Müqəddəs Əmanətlər saxlanılır), Hərəmxana və bəzi pavilyonlar, mərkəzində isə III Əhmədin kitabxanası yerləşən bağdır. Üçüncü həyətə girişə ciddi nəzarət olunurdu və kənar şəxslərin girişi məhdudlaşdırılırdı.
Üçüncü həyət ağaların və yalnız sultana xidmət edən xüsusi oğlanların otaqları ilə əhatə olunub. Həmin oğlanlara, sultanı əyləndirmələri üçün kiçik yaşlarından musiqi, rəqs, rəssamlıq və kalliqrafiya kimi sənətlər öyrədilirdi.
Üçüncü həyətin əsası II Mehmedin hakimiyyəti dövründə qoyulmuşdur. Üçüncü həyətin ölçüləri İkinci həyətin ölçüləri ilə uyğundur. Həyətin ilkin planı sonrakı dövrdə dəyişilməz olaraq qalmışdır. II Mehmed hərəmdə çox az vaxt keçirsə də, ondan sonra hakimiyyətə gəlmiş sultanlar vaxtlarının böyük bir hissəsini hərəmxanada və Dördüncü həyətdə keçirirdilər. 1584-cü ilə aid "Hünərnamə" əlyazmasında Üçüncü həyət və onu əhatə edən binaların təsvir edilməsi sarayın bu hissəsinin II Mehmedin hakimiyyəti dövründə tamamlanmasını söyləməyə imkan verir.
Ərz otağı
Dinləmə otağı və ya Ərz otağı Üçüncü həyətin kənardan görünməsinin qarşısını almaq üçün, Səadət qapısından sağda inşa edilmişdi. Osmanlı köşkləri stilində inşa edilmiş bu meydan binasının tavanı 22 sütundan ibarət kolonada ilə dəstəklənir, tavanın kənarlarından isə saçaqlar asılıb. Binanın daxilində gümbəzli böyük Taxt zalı və iki kiçik otaq yerləşir. Bu zalı həm də Daxili Divan Otağı adlandırırdılar.
XV əsrdə inşa olunmuş Dinləmə otağı I Süleymanın hakimiyyəti dövründə bəzədilmişdir. Burada sultan öz yüksək taxtında oturur, vəzirlər, dövlət rəsmiləri və xarici səfirləri qəbul edirdi. Korneli Duplisius 1533-cü ildə yazırdı:
| “İmperator, qızılı parça ilə işlənmiş və hər tərəfdən qiymətli daş-qaşlarla bəzədilmiş yüksək taxtında əyləşmişdi, onu hər tərəfdən çoxlu mütəkkələr əhatə edirdi: zalın divarları mavi və qızılı kaşılardan mozaikalarla işlənmişdi; bu zaldakı kamen gümüş və qızılla işlənmişdi, zalın digər tərəfində isə fəvvarə quraşdırılmışdı və divardan şəlalə formalı su axırdı.” | |
Vəzirlər bu zalda sultanın qəbuluna gələrək şəxsən hazırladıqları hesabatları təqdim edirdilər. Hesabat sultanın xoşuna gəldikdə və verilən xəbərlər bəyənildikdə sultan razılığını bildirir, vəzirə bəxşiş və ya yüksək mövqe bağışlayırdı, əks halda isə xəbəri verən vəzir yevnuxlar tərəfindən boğularaq öldürülürdü. Buna görə də, zala daxil olan vəzifəli şəxslər ordan sağ çıxacaqlarına əmin olmurdular.
Rəsmi dövlət nümayəndələrinin müşayəti ilə xarici ölkələrin səfirlərinin sultanın xələtinin kənarını öpmək üçün ziyarətə gəlmələri mərasimi daha mürəkkəb protokol qaydaları əsasında keçirilirdi. Mərasimlər zamanı sultanın taxtı xüsusilə zəngin bəzədilirdi.
Baldahin formalı əsl taxt III Mehmedin sifarişi ilə hazırlanmışdı. Taxtın laklanmış və qiymətli daş-qaşlarla bəzədilmiş tavanında hakimiyyət simvolu olan əjdahanın Simurq quşu ilə döyüşməsi səhnəsi təsvir olunub. Taxtın həm də də müxtəlif parçalardan hazırlanmış, zümrüd, rubin və mirvari ilə bəzədilmiş örtüyü olurdu.
Taxt zalının qübbəli tavanı lacivərd rənglə boyanmış və qızılı ulduzlarla bəzədilmişdi. Divarı bəzəyən kaşılar isə mavi, ağ və firuzəyi rəngdə idi. Bundan əlavə zal həmişə qiymətli xalçalar və yastıqlarla döşənirdi. Bütün bu görünüş ziyarətçiləri təəccübləndirir və sultanın zənginliyi və gücü haqqında təəssürat yaradırdı. Taxt zalı 1723-cü ildə Sultan III Əhmədin hakimiyyəti dövründə təmir edilmiş, 1856-cı ildə baş vermiş yanğında dağıldıqdan sonra isə I Əbdülməcidin hakimiyyəti dövründə yenidən inşa edilmişdir. Taxt zalının müasir görünüşü ilkin tamamlanmasından sonrakı görünüşündən xeyli fərqlidir.
Zalın üç qapısından ikisi ziyarətçilər, biri isə sultanın özü üçün nəzərdə tutulmuşdu. Ziyarətçilər üçün nəzərdə tutulmuş əsas qapının üstündə I Əbdülməcidin monoqramı formasında onun şərəfinə tərifləyici sözlər və 1856-cı il tarixi qeyd edilib. Əsas qapı xüsusi xəttlə yazılmış və 1723-cü ilə aid edilən bəsmələ (müsəlman duası "Rəhmli və Böyük Allahın adı ilə") ilə əhatələnmişdir. Bu yazı Sultan III Əhmədin hakimiyyəti dövründə əlavə edilmişdi. Qapının hər iki tərəfindəki panellər sonrakı təmir işləri zamanı dəyişdirilmişdir.
I Süleymanın giriş qapısı tərəfində kiçik fontan vardır. Ehtimal edilir ki, fəvvarə yalnız otağa təravət vermək məqsədi ilə deyil, həm də suyun şırıltısının otaqda edilən məxfi danışıqların kənardan dinlənməsinin qarşısını almaq məqsədi ilə inşa edilmişdir. Fontan həm də sultanı simvolizə edirdi; fars dilində olan kitabə onu "xeyirxahlıq və ədalət mənbəyi, alicənablıq dənizi" adlandırır.
Xarici səfirlər tərəfindən hədiyyə edilmiş qiymətli əşyalar əsas fasadda iki qapı arasındakı böyük pəncərənin qarşısına qoyulurdu. Peşəkəş qapısı (Pişkeş Kapısı) adlanan qapının ətrafında 1810-cu ilə, II Mahmudun hakimiyyəti dövrünə aid edilən kitabə vardır.
Dinləmə otağının arxasında şərq Səfərli Koğuşunun şərq fasadı yerləşir. Hazırda həmin binada Paltar kolleksiyası sərgilənir.
Fateh köşkü
Fateh pavilyonu və ya Fateh köşkü adlandırılan bina II Mehmedin hakimiyyəti dövründə inşa edilməklə saray kompleksinin ən qədim binalarından biridir. 1460-cı illərdə sarayın ilkin tikintisi zamanı inşa olunan bina sonrakı dövrlərdə sənət əsərləri və xəzinə məmulatlarının saxlanması üçün istifadə edilmişdir. Hazırda Fateh pavilyonunda İmperiya Xəzinəsi (Hazine-i Âmire) nümayiş etdirilir.
Ümumilikdə pavilyon üç otaq, Mərmərə dənizinə baxan terras, zirzəmi və türk hamamından ibarətdir. Qaya üstündə inşa edilmiş iki mərtəbəli binanın terrasından Mərmərə dənizinə və Bosfor boğazına mənzərəli görünüş açılır. Aşağı mərtəbələrdə xidməti otaqlar, yuxarı mərtəbədə isə dörd apartament və iki arkalı loja yerləşir. Bütün otaqlar monumental arkada vasitəsiylə Üçüncü həyətə açılır. Dörd zalın qapıları həyət tərəfdən kollonadalı portiklə əhatə olunmuş hissəyə açılır. Sütunların İonik kapitalları XVIII əsrə aid edilir. Pavilyon I Səlimin hakimiyyəti dövründə Misirdən gələn gəlirlərin saxlanması üçün istifadə edilmişdir. Bundan əvvəlki dövrdə, II Mehmed və II Bəyazidin hakimiyyəti zamanında isə Fateh pavilyonunun otaqları sarayın ən rahat məkanlarından olmuşdur. Pavilyonun zirzəmisində aparılan arxeoloji qazıntılar zamanı oradan Bizans dövrünə aid vəftizxananın qalıqları aşkarlanmışdır.
III Əhməd kitabxanası
III Əhməd kitabxanasının əsas fasadının görünüşü
Sultan III Əhməd kitabxanası kimi də tanınan Enderûn kitabxanası Dinləmə otağının düz qarşısında, Üçüncü həyətin mərkəzində yerləşir. Kitabxana keçmiş Hpvuzlu köşk binasının özülləri üzərində III Əhmədin sifarişi ilə saray memarı Bəşir Ağa tərəfindən inşa edilmişdir. Köçkün kolonadası isə hazırda İmperiya Xəzinəsinin sərgiləndiyi binanın qarşısındadır.
Kitabxana binası XVIII əsr Osmanlı memarlığının ən gözəl nümunələrindən biri kimi qəbul edilir. Binanın fasadı mərmərlə üzlənmişdir. Yunan xaçı formasında olan bina gümbəzli mərkəzi zal və düzbucaqlı formaya malik üç kənar seksiyadan ibarətdir. Xaçın dördüncü qolu isə iki tərəfindən pilləkənlər qalxan xüsusi çıxışla əvəzlənmişdir. Portikin mərkəzi arkası altında arxadan nişləri olan bulaq yerləşir. Dəyərli kitablar və əlyazmaların nəmlənmədən qorunması üçün bina hündür zəmin üzərində inşa edilmişdir.
Pəncərələr arasındakı divarlar XVI–XVII əsrlərə aid müxtəlif formalı İznik kaşıları ilə bəzədilmişdir. Mərkəzi gümbəz və kənar seksiyaların divarları isə rəsmlərlə bəzədilmişdir. Gümbəz və divarlardakı rəsmlər 1703–1730-cu illəri əhatə etmiş Lalə dövrü üçün xarakterikdir. Kitablar divarlarda quraşdırılmış taxçalarda saxlanılırdı. Girişin qarşısında yerləşən niş sultanın şəxsi oxuma küncü hesab olunurdu.
Kitabxanada teologiya, İslam hüququ və buna bənzər mövzularda yazılmış türk, ərəb və fars əlyazmaları saxlanılırdı. Kitabxananın kolleksiyasında 3500-dən çox əlyazma olmuşdur. Onlardan bəzisi sədəf və fil sümüyü ilə mozaika işləmələrinin ən yaxşı nümunələridir. Hazırda həmin kitablar kitabxananın qərbində yerləşən Ağalar məscidində sərgilənir. Kitabxananın kolleksiyasına daxil olan ən qiymətli əlyazmalardan biri Osman ibn Əffanın hakimiyyəti dövrünə aid edilən və Quranın ən qədim əlyazmalarından biri hesab olunan Topqapı əlyazmasıdır.
Ağalar məscidi
Ağalar məscidi saray kompleksi ərazisindəki ən böyük məsciddir. Məscid həm də kompleksin ən qədim tikililərindən biri olmaqla, XV əsrə, II Mehmedin hakimiyyəti dövrünə aid edilir. Sultan, ağalar və digər saray sakinləri ibadət üçün bu məscidə gəlirdilər. Məscid həyətdə diaqonal şəkildə yerləşdirilmişdir ki, minbər Məkkəyə istiqamətlənsin. 1928-ci ildə III Əhməd kitabxanasında saxlanan əlyazmalar Ağalar məscidinə köçürülmüşdür və hazırda bu binada Osmanlılar tərəfindən toplanmış 13.500-dən artıq türk, ərəb, fras və yunan əlyazmaları saxlanılır. Məscidin şimal-şərqində isə Padşah Portretləri Sərgi Salonu yerləşir.
Dördüncü həyət
Dördüncü həyət həm də İmperator Divanı (Sofa-ı Hümâyûn) adlanmaqla daha məhrəm xüsusiyyətə malikdir. Bu həyətdə pavilyonlar, köşklər, bağlar və terraslar yerləşir. Əvvəllər Üçüncü həyətin bir hissəsi olduğu düşünülsə də, sonradan tədqiqatçılar sarayın bu hissəsinin ayrı və daha ciddi mühafizə sisteminə malik olduğunu müəyyənləşdirmişlər.
Sünnət otağı
Sünnət otağının interyeri 1640-cı ildə Sultan I İbrahimin hakimiyyəti dövründə Yay köşkünə (Yazlik Oda) İslamda təmizlik və paklıq ritualı hesab olunan sünnət mərasiminin həyata keçirilməsi üçün Sünnət otağı əlavə edilmişdir. Binanın interyeri və eksteryeri, fasadı bəzəyən nəbati naxışlı mavi kaşılar kimi çox nadir kaşılarla bəzədilmişdir. Bunlardan ən qiymətlisi binanın fasadını bəzəyən və 1529-cu ilə aid edilən, Yaxın Şərq keramikasının təsiri ilə hazırlanmış ağ-mavi kaşı panellərdir. Bu kaşılar əvvəlcə Qanuni Sultan Süleymanın mərasim binaları olan Divan zalı, Daxili Xəzinə (hər ikisi İkinci həyətdə yerləşir) və Taxt zalını (Üçüncü həyətdə yerləşir) bəzəyirdi. Onlar hakimiyyətinin qızıl dövrünə hörmət və nostalgiyadan uzaqlaşmaq məqsədi ilə sonradan Sünnət otağına köçürülmüşdür. Sonradan bu kaşılardan İrəvan və Bağdad köşklərini bəzəyən kaşıların hazırlanması üçün nümunə kimi istifadə olunmuşdur. Otaq özü simmetrik proporsiyaya malikdir və hər pəncərəsinin qarşısında kiçik bir fontan var. Pəncərələrin yuxarıda yerləşən hissəsində vitrajlar quraşdırılmışdır. Girişin sağ tərəfində qızıl suyuna çəkilmiş tüstü çəkicisi olan kamen var. Sultan I İbarahimin dövründə həm də Müqəddəs Əba otağının üzərində arkalı tavan, Bağdad köşkü və Sünnət otağı üçün terras da inşa edilmişdir.
1638–1639-cu illərdə saray memarı Həsən Ağa Sultan IV Muradın sifarişi ilə Osmanlıların İrəvan və Bağdadda Səfəvilər üzərində qələbəsini qeyd etmək üçün İrəvan köşkü (Revan köşkü) və Bağdad köşkünü (Bağdat köşkü) inşa edir. Hər iki köşk orijinal memarlıq elementlərinin böyük bir hissəsini — mərkəzi qübbə, qabarıq karnizlər, interyerin xüsusi şkafları və sədəflə işlənmiş taxta üzərində oymaları – dövrümüzə kimi saxlamışdır. Hər iki bina düzbucaqlı plana malik olub klassik şərq eyvanı quruluşuna malikdir.
İrəvan köşkü
İrəvan köşkü (Revan Köşkü) 40 gün ərzində dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə edilirdi. Köşk mərkəzi gümbəzi və üç absidası olan kiçik binadır. Binanın dördüncü divarında isə qapı və kamen yerləşir. Divarların üzlənməsi zamanı mərmər kollonadadan və aşağı keyfiyyətli ağ-mavi kaşıdan istifadə olunmuşdur.
Bağdad köşkü
Bağdad köşkü (Bağdad Köşkü) fəvvarəli terrasın sağ tərəfində yerləşir. Bina IV Muradın Səfəvilər üzərinə təşkil etdiyi 1638-ci il Bağdad yürüşünün uğurla tamamlanmasını qeyd etmək üçün inşa edilmişdir.
Bina ümumi quruluşuna görə İrəvan köşkünü xatıladır. Binanın üç tərəfində eyvanlar yerləşir. Binanın fasadı mərmərlə işlənmiş, profiri və ofikalsit xəttlər əlavə edilmişdir. Portiklərin mərmər paneli Qahirə Məmlük memarlığı stilində həll edilmişdir. Binanın interyeri ideal Osmanlı otağı nümunəsidir. Künclərdə yerləşən rəflər XVI əsrdə yaşıl, sarı və maci kaşılarla işlənmişdir. Divarların üzlənməsi üçün istifadə olunmuş ağ-mavi kaşılar sünnət otağındakı qiymətli kaşıların kopyalarıdır. XVII əsrə aid edilən bu kaşılar, sədəf və tısbağa qabığından işləmələr və pəncərə panelləri bu binanı klassik saray memarlığının ən son nümunələrindən biri kimi qeyd etməyə imkan vermişdir.
Köşkün qapıları incə mozaika işləmələrinə malikdir. Girişin sağ tərəfində qızıl suyuna çəkilmiş tüstü borusu olan kamen var. Otağın ortasında isə Fransa kralı XIV Lüdovikin hədiyyəsi olan manqal yerləşir. XVIII əsrin ortalarından etibarən otaq Sultanın Məhrəm otağının kitabxanası kimi istifadə olunmuşdur.
İftar köşkü
Qızılı İftar pavilyonu həm də İftar köşkü və ya İftar kamerası (İftariye Köşkü və ya İftariye Kameriyesi) kimi tanınır. Köşkdən Qızıl buynuz buxtasına mənzərə açıldığına görə bu gün şəkil çəkdirmək istəyən turistlərin ən çox ziyarət etdikləri yerdir. Binanın zərli damı Osmanlı memarlığında Çin və Hindistan memarlığının təsirinin hiss olunduğu ilk nümunədir. Ənənəvi olaraq ramazan ayı boyunca sultan axşam namazını bu köşkdə qılırmış. Bəzi mənbələrdə bu yer "Ay oturacağı" kimi də qeyd edilir. Vəzifəli şəxslər üçün təşkil edilən qızıl sikkə yağışı kimi bəzi hədiyyələr də bu məkanda verilirdi. I İbrahimin hakimiyyəti dövründə (1640–1648) mərmər terras indiki formasını almışdır.
Terras köşkü
| |
Terras köşkünün eksteryeri və interyeri |
Düz xəttli Terras köşkü (Sofa Köşku / Merdiven Başı Kasrı) həm də səhvən Qara Mustafa Paşa köşkü kimi tanınır. Belveder olan bina XVI əsrin II yarısında inşa edilmişdir. 1704-cü ildə Sultan III Əhmədin sifarişi ilə inşa edilmiş köşk 1752-ci ildə I Mahmudun sifarişi ilə rokoko stilində bərpa edilmişdir. Bu bina sarayın daxili hissəsində yerləşən yeganə taxta tikilidir. Bina arxadan sütunlarla dəstəklənən otaqlardan ibarətdir.
Köşk Divanxana adlandırılan əsas zal, ibadət otağı (Namaz Odası və ya Şerbet Odası) və Şirin meyvə içkiləri otağından ibarətdir. Bu köşkdən sultan həyətdə təşkil olunan idman yarışlarını və tədbirləri izləyirdi. Böyük pəncərələri olan bu açıq bina əvvəlcə istirahət binası kimi istifadə olunsa da, Lalə dövründə (1718–1730) qonaq lojasına çevrilmişdir. Binanın yanında isə Zanbaq bağı yerləşir.
Başlala qülləsi və Həkimbaşı otağı
Həm də Həkimbaşı otağı və əczaxana (Hekimbaşı Odası ve ilk eczane) kimi tanınan kimi tanınan Başlala qülləsi (Başlala Kulesi) XV əsrə aid edilir və Dördüncü həyətdəki ən qədim tikilidir. Təxminən II Mehmedin hakimiyyəti dövründə bu qüllə saat qülləsi kimi inşa edilmişdir. İki metr hündürlüyündə divarları olan bina çox az pəncərəyə malikdir. Qüllənin yuxarısında həkimbaşının şəxsi otağı, aşağıda isə əczaxana və tibb məntəqəsi yerləşir.
Birinci həyətdəki əczaxana II Mehmedin hakimiyyəti dövründə inşa olunmuşdu. Saraydan kənarda da həmçinin bir neçə əczaxana və tibb məntəqəsi olmuşdur. Rəvayətə görə, Sultan III Səlimin hakimiyyəti dövründə baş lala olmuş Əndərunlu Təyyar Əfəndi bu qüllənin yuxarı mərtəbəsindən sultanı öldürmək üçün saraya yaxınlaşan üsyançılar dəstəsini görmüş və sultanı qoruyan mühafizəçiləri ayağa qaldırmışdı. Tarixçi Afa qeyd edir ki, qüllə iki mərtəbədən daha hündür olsa da, dövrümüzə yalnız ikimərtəbəli şəkildə çatmışdır.
Həkimbaşı və Baş tərbiyəçi bu binada yaşayırdılar. Sultan və onun ailəsinin sağlamlığına cavabdeh olan həkimbaşı bu binada tibbi ləvazimatlar və məlhəmlər hazırlayırdı. Həkimbaşı həm də saraydan kənarda sultanın müşayətçilərindən biri idi və saraydan kənarda hər yerdə onunla olurdu. Baş həkimin köməkçiləri və işçiləri adətən yəhudilər olurdular. Yalnız XVII əsrdən sonra sarayda yəhudi həkimləri qismən türk həkimlər əvəz etməyə başlamışdı. Son həkimbaşı Sultan I Əbdülməcidin hakimiyyəti dövründə yaşamış Əbdülxalq Molla olmuşdur. Sultanın Topqapıdan köçməsindən sonra bina bir müddət musiqi konservatoriyası, daha sonra isə saray silahlarının təmizlənməsi otağı kimi istifadə olunmuşdur. 1911-ci ildə restavrasiya edilmiş binada Osmanlı sarayında istifadə olunmuş tibbi ləvazimatlar nümayiş olunur.
Daş taxt
Daş taxt IV Murad üçün, idman yarışlarını izləmək məqsədi ilə hazırlanmışdır. Daş taxt üzərindəki kitabədə yazılıb ki, 1636-cı ildə idmançı olan IV Murad palıd toppuzu 120 metrə atmışdır.
Böyük köşk
Məcidiyyə köşkü (Mecidiye Köşkü), Böyük pavilyon və I Əbdülməcid köşkü kimi də tanınan Böyük köşk 1840-cı ildə inşa edilmişdir. Yanaşı yerləşən Qardirob otağı (Esvap Odası) ilə birlikdə bu bina saray kompleksinə əlavə edilmiş son böyük tikilidir. Hər iki bina I Əbdülməcidin sifarişi ilə istirahət məqsədi ilə inşa edilmişdir, çünki, məhz həmin ərazidən Mərmərə dənizi və Bosfor boğazına cəlbedici mənzərə açılırdı. Dənizkənarı saraylarından Topqapıya qayıdan sultanlar bu köşkdən ilkin dayanacaq məntəqəsi kimi istifadə edirdilər. Köşkün inşaatı XV əsrdə inşa edilmiş başqa bir köşkün təməli üzərində aparılmışdır. Memar Sarkis Balyan binanı Avropa və Osmanlı memarlığını qarışdıraraq binanı eklektik stildə inşa etmişdir. Daxildən isə bina Ampir stilli mebellərlə dizayn edilmişdir. Bu bina həm də xarici qonaqların yerləşdirilməsi üçün istifadə edilmişdir.
Böyük köşkün yanında turistlər arasında məşhur olan restoran yerləşir. Restoranın qonaqları arasında Kraliça II Elizabet, ABŞ-ın birinci xanımı Jaklin Kennedi, ABŞ prezidenti Riçard Nikson, boksçu Məhəmməd Əli və başqaları da olmuşlar. Restoranın terrasında Bosfor boğazına və İstanbulun Asiya tərəfinə mənzərə açılır. Turistlər şəhərlə şəkil çəkdirmək və İstanbul panoramını izləmək üçün buraya gəlirlər.
Sofa məscidi
Terras məscidi də adlandırılan Sofa məscidi (Sofa Camii) II Mahmudun sifarişi ilə XIX əsrdə Ampir stilində Sofa Ocağı adlanan hərbiçilər dəstəsinin istifadəsi üçün inşa edilmişdir. Silahdarlar köşkü isə həmin hərbiçilərin yaşayış yeri kimi istifadə olunurdu. Qapıdakı kitabədən aydın olur ki, məscid 1858-ci ildə I Əbdülməcidin sifarişi ilə restavrasiya edilmişdir.
Hərəmxana
Hərəmxananın planı: 1) Haraba qapısı və Hərəm xəzinəsi/Dolablı qübbə 2) Dəstamaz otağı — Ədalət qülləsi — Hərəm ağaları məscidi 3) Hərəm ağaları daşlığı və Koğuşu — Baş yevnux mənzili və Şahzadələr məktəbi — Quşxana qapısı. 4) Hərəm qapısı və Növbətçi yeri 5) Validə Sultan daşlığı — Validə Sultan mənzili — Hasseki Sultan və Şahzadələrin mənzilləri — Köməkçi qadınlar və Ustalar mənzilləri. 6) Cariyə dəhlizi və Daşlığı — Qadınəfəndilərin daşlığı və mənzilləri — Koğuş hamamı. 7) Validə Sultan mənzili 8) Hamamlar — İmperator və Validə Sultan hamamları. İmperator mənzili: 9) İmperator süfrəsi — I Əbdülhəmid, III Səlim və III Osman mənzilləri. 10) Fəvvarəli otaq — Ocaqlı Otaq. 11) III Murad şəxsi otağı — I Əhməd şəxsi otağı — III Əhməd şəxsi otağı (Yemiş otağı). 12) Qoşa qəsrlər (Vəliəhd mənzili). 13) Favoritlər daşlığı və mənzilləri. 14) Qızıl yol.
İmperiya hərəmxanası (Harem-i Hümayûn) sultanın şəxsi yaşayış ərazisində yerləşirdi; hərəmxana 400-dən çox otaqdan ibarət idi. Hərəmxanada Sultanın Validə Sultan adlandırılan anası, konkubinaları, arvadları, uşaqları və onlara xidmət edən qullar yaşayırdılar. Hərəmxana kompleksi bir-biri ilə dəhlizlər və həyətlər vasitəsiylə əlaqələnən çoxsaylı binalardan ibarətdir. Hərəmxanada yaşayan hər bir xidmətçi dəstəsi və iyerarxik dəstə ümumi həyət ətrafında yerləşən özünəməxsus yaşayış məkanına malikdir. Hərəmxanadakı otaqların sayı dəqiq bilinmir, çünki, onlardan cəi 100-ə yaxını ictimayətə açıqdır. Bu apartamentlərdə (Daireler) yevnuxlar, Baş yevnux (hərəm ağası), konkubinalar, sultan anası, sultanın arvadları, şahzadələr və sultanın favoritləri yaşayırdılar. Sultan, anası, arvadları və favoritləri, konkubinaları, şahzadələr və onlara xidmət edən yevnuxlar xaric heç kimə hərəmxana qapısından içəri keçməyə icazə verilmirdi.
Hərəmxana kompleksi XVI əsrin sonlarında inşa edilmişdir. Kompleksə daxil olan otaqlar və digər binaların əksəri Memar Sinanın layihəsi əsasında inşa edilmişdir. Hərəmxana da Harabalar qapısı vasitəsiylə İkinci həyətə açılır. Zamanla hərəmxana kompleksinə müxtəlif tikililər əlavə edilmiş və kompleks Qızıl buynuz buxtası istiqamətində genişlənmişdir. Bu kompleksə tikililər onun inşa edildiyi ilk dövrdən XIX əsrə kimi əlavə edilmişdir, buna görə də onlar memarlıq stili və dekorasiyalarına görə bir-birlərindən çox fərqlənirlər. Hərəm otaqlarının bir hissəsi I Mahmud və III Osmanın hakimiyyəti dövründə İtaliya memarlığının təsiri ilə yaranmış Osmanlı Barokko stilində yenidən dekorasiya edilmişdir. Bu dekorasiyalar klassik Osmanlı memarlığı stilində olan dekorasiyalarla kontrast təşkil edir.
Harabalar qapısı
Hərəmxanadan İkinci həyətə aparan yol Harabalar qapısından başlayır və yol birbaşa Dolablı Qübbəyə aparır. Bu yer III Muradın sifarişi ilə 1587-ci ildə Hərəm vestubülü kimi inşa edilmişdir. Hərəm xəzinəsi burada fəaliyyət göstərirdi. Etibarnamələr və hərəm xəzinəsi ilə bağlı sənədlər hərəmağasının otağındakı şkaflarda saxlanılırdı. Bu xəzinədə xeyriyyə fondları və digər fondlardan əldə edilən bəxşişləri, sultan ailsəi və hərəm xərcləri ilə bağlı sənədlər saxlanırdı.
Fontanlı otaq
Fontanlı otaq baş vermiş yanğından sonra 1666-cı ildə yenidən qurulmuşdur. Bu böyük yanğın 24 iyul 1665-ci ildə baş vermişdir. Hərəmə giriş rolunu oynayan bu otaq yevnuxlar tərəfindən ciddi qorunurdu. Büyük Biniş və Şal Kapısı Hərəm, Məhrəm bağ, Hərəm yevnuxlarının məscidi və sultanın divanın işini müşahidə etdiyi Ədalət qülləsinə aparan yol buradan keçirdi. Otağın divarları XVII əsrə aid Kütahya kaşıları ilə bəzədilmişdir. Məscidin arxasında yerləşən at blokları sultanın və stulda oturanların anlarını bağlamaları üçün istifadə olunurdu. Əvvəl Dəstamaz otağında olmuş fəvvarə sonradan köçürülüb və hazırda III Muradın şəxsi otağındakı hovuzda yerləşir.
Solda qara yevnuxların kiçik məscidi yerləşir. Açıq yaşıl, sarımtıl və orta mavi kaşılar XVII əsrə (IV Mehmedin hakimiyyəti dövrü) aid edilir. Bu kaşılar yüksək dizayn xüsusiyyətlərinə malik olsalar da, XVI əsr kaşıları ilə müqayisədə daha aşağı keyfiyyətə malikdir, istifadə olunmuş boyalar isə bulanıqdır.
Hərəm ağaları daşlığı
Hərəmxananın digər qapısı Hərəm ağaları daşlığına açılır, daşlığın sol tərəfində isə yevnuxların otaqları yerləşir. Daşlığın sonunda, protokola görə dördüncü ən yüksək rəsmi vəzidə olan Qara yevnuxların başçısının (Kızlar Ağası) otağı yerləşirdi. Yaxınlıqda şahzadələr üçün məktəb yerləşir ki, onun da divarları XVII–XVIII əsrlərə aid qiymətli kaşılar və qızıl suyuna çəkilmiş işləmələrlə bəzədilmişdir. Daşlığın sonunda hərəmə aparan əsas qapı (Cümə Qapısı) yerləşir. Sol tərəfdəki kiçik dəhliz odaliskaların (sultana hədiyyə edilmiş ağ qul qızlar) otaqlarına aparır.
Əksər yevnux otaqları birbaşa bu həyətə açılır, belə ki, onlar həm də baş hərəmağasının komandanlığı altında hərəm mühafizəçiləri kimi çalışırdılar. 1665-ci ildə baş vermiş böyük yanğından sonra bu həyətin ətrafındakı binalar da yenidən qurulmuşdur. Kompleksə portik arxasında yerləşən yevnuxların yataqxanası, Baş yevnuxun (Darüssaade Ağası) otaqları, Şahzadələr məktəbi və şahzadələrə elçi düşmüş oğlanlar üçün gözləmə otağı (Musahipler Dairesi) daxildir. Hərəmin əsas qapısı Quşxana qapısından keçməklə Enderûn həyəti ilə əlaqələndirilmişdir.
Hərəm ağaları koğuşu XVI əsrə aid edilir. Üç mərtəbəli bina daxili həyətdə yerləşirdi. Fasadda həkk edilmiş kitabələrdə IV Mustafa, II Mahmud və I Əbdülməcidin XIX əsrə aid edilən etibarnamələri əks olunub. Yuxarı mərtəbələrdə yeni yevnuxlar, həyətə baxan aşağı mərtəbələrdə isə idarəçi xüsusiyyətinə malik yevnuxlar yaşayırdılar. Koğuş binasında XVIII əsrə aid Kütahya kaşıları ilə işlənmiş monumental kamin vardır. Yataqxana ilə yanaşı yerləşən Baş Yevnuxun Mənzili (Darüssaade Ağasi Dairesi) xüsusi hamam, yataq otaqları və qonaq otağından ibarətdir. Şahzadələrin Baş yevnuxun nəzarəti altında fəaliyyət göstərən məktəbi birinci mərtəbədə yerləşirdi. Divarlar XVIII əsrə aid barokko dekorasiyalı Avropa çiniləri ilə üzlənmişdir.
Cümə qapısı
Cümlə qapısı hərəmxananın yevnuxlar və sultanın anası və qadınları yaşayan hissələrini ayırır. Qapı hərəmxananın üç əsas hissəsini birləşdirən Növbə yerinə açılır. Növbə yerindən soldakı qapı Qadınəfəndilər daşlığına aparır. Mərkəzdəki qapı Validə Sultan daşlığına, sağdakı qapı isə Sultanın otağına gedən Qızıl yola aparır. Növbə yerindəki iri güzgülər XVIII əsrə aiddir.
Validə sultan həyəti və cariyələr dəhlizi
Cümlə qapısı və Cariyələr dəhlizindən keçdikdən sonra Validə Sultan daşlığı başlayır.Cariyələr dəhlizi sutanın arvadları və cariyələrinin otaqlarına aparır. Dəhliz boyunca yevnuxlar saray mətbəxindən gətirilən yeməkləri düzürdülər.
Qadın əfəndilər daşlığı və Cariyə hamamı
Qadın əfəndilər daşlığı (Cariyə daşlığı) Yevnuxlar həyəti ilə eyni vaxtda, XVI əsrin ortalarında inşa edilmişdir. Hərəmin ən kiçik həyəti olan Qadın əfəndilər daşlığı 1665-ci il yanğınından sonra bərpa edilmişdir. Portikli həyətin ətrafında cariyə hamamı, camaşırxana fəvvarəsi, camaşırxana, cariyələrin otaqları, Sultanın arvadlarının və onların xidmətçilərinin (kalfalar) otaqları yerləşirdi. Kaşılı kamenlərlə təmin olunmuş, Qızıl buynuz burnuna mənzərələri açılan üç xüsusi otaq sultanın arvadları üçün nəzərdə tutulmuşdu. Bu otaqlar həyətə XVI əsrdə əlavə edilmişdir. Validə Sultan otaqlarının girişində Qərb rəssamlığının təsiri hiss olunan XVIII əsrə aid təbiət təsvirli freskalar vardır. Qırxnərdivan adlı pilləkənlər Hərəm xəstəxanası, zirzəmidə yerləşən cariyə yataqxanaları və hərəm bağına aparır.
Validə sultan otaqları
Validə Sultan otaqları (Valide Sultan Dairesi) Sultanın otaqları ilə birlikdə hərəmxananın ən vacib hissəsidir. Bu otaqlar XVI əsrdə sultanın anasının Köhnə Saraydan Topqapıya köçməsindən sonra inşa edilmiş, 1665-ci ildə baş vermiş yanğından sonra 1666–1668-ci illərdə bərpa edilmişdir. Kiçik musiqi otağı kimi bəzi otaqlar XVIII əsrdə əlavə edilmişdir. Validə Sultan otaqlarından yalnız ikisi ictimayətə açıqdır: yuxarı qalereya ilə birlikdə yemək otağı və çərçivə arxasında yerləşən namaz otağı ilə birlikdə yataq otağı. Aşağı mərtəbələrdə Sultan anasına xidmət edən cariyələr, yuxarı mərtəbələrdə isə sultan anasına xidmət edən xidmətçilər (kalfalar) yaşayırdılar. Sultan anasının otaqlarından Sultanın otaqları kompleksində yerləşən Sultan hamamına xüsusi dəhliz aparır.
Bütün bu otaqlar XVII əsrə aid, nəbati naxışlarla bəzənmiş mavi-ağ və sarı-yaşıl kaşılarla üzlənmişdir. Paneldə usta Osman İznikli Mehmetoğlu tərəfindən hazırlanmış, Məkkə və ya Mədinəni təsvir edən xüsusi İznik kaşıları vardır. Yuxarı mərtəbələrdə panoramik görüntülü və Qərbi Avropa stilində olan rəsm əsərləri XVIII–XIX əsrlərə aiddir.
Validə Sultan otaqlarının yuxarı başında rokoko stilində dizayn edilmiş Mehrşah otaqları yerləşir. Bu otaqlardan hamama gedən yolun üstündə I Əbdülhəmidin otağı yerləşir. Onun yanında isə III Səlimin 1790-cı ildə inşa edilmiş sevgi otağı qərarlaşır. Uzun, ensiz dəhliz bu otaqları III Osmanın 1754-cü ildə inşa edilmiş köşkü ilə əlaqələndirir.
Validə Sultan otağı, panno
Validə sultan hamamı
XVI əsrə aid edilən Validə Sultan və Sultan hamamları (Hünkâr ve Vâlide Hamamları) iç-içə otaqlardan ibarətdir. XVIII əsrdə bu iki hamam rokoko stilində yenidən dizayn edilmişdir. Hər iki hamam akaldari, tepidari və friqidaridən ibarət olmaqla eyni dizayna malikdir. Hər iki otaq gümbəzə və təbii işığı əks etdirmək üçün bir hissəsi pətək formalı şüşələr ilə örtülmüş tavana malikdir. Döşəmə isə ağ və boz mərmərlə örtülmüşdür. Ornamental fəvvarəli mərmər vanna, kaladari və qızıl suyuna çəkilmiş çərçivələr də hər iki hamam üçün xarakterikdir. Bu möhkəm çərçivələr sultanı və onun anasını hamamda ola biləcək hər hansı bir qatil hücumundan qorumaq məqsədi daşımışdır. Sultanın hamamı Memar Sinan tərəfindən, yüksək keyfiyyətli polixrom İznik kaşısı ilə işlənmişdir. Lakin, hərəmin digər otaqlarını bəzəyən kaşılar kimi, hamamların kaşıları da I Əhmədin hakimiyyəti dövründə sökülmüş və İstanbulda yeni inşa olunan Sultan Əhməd Məscidinin inşası üçün istifadə edilmişdir. Buna görə də hazırda hamamın divarları ağ mərmərlə və ya ağ boya ilə örtülmüşdür.
İmperator otağı
İmperator otağı (Hünkâr Sofası), İmperiya divanı və ya Taxt otağı adlandırılan zal hərəmxananın içində yerləşən və XVI əsrdə inşa edildiyi güman edilən gümbəzli zaldır. Bu zalın gümbəzi saray kompleksindəki ən böyük gümbəzdir. Bu zal sultanın qeyri-rəsmi görüşlər keçirdiyi və əyləncə məclisləri təşkil etdiyi məkan olmuşdur. Bu zalda sultan, vəkillərini, qonaqlarını, anasını, birinci arvadını (Hasseki), cariyələrini və uşaqlarını qəbul edirdi. Əyləncə mərasimləri, dini və tiy mərasimləri sülalə nümayəndələrinin iştirakı ilə bu zalda keçirilirdi.
1666-cı ildə baş vermiş böyük hərəm yanğınından sonra III Osmanın hakimiyyəti dövründə zal rokoko stilində bərpa edilmişdir. Divarı əhatə edən kəmər Delft farforu və Venesiya şüşəsindən hazırlanmış güzgülər üzərində dini yazılar vardır. Lakin, gümbəz arkaları və pendantivlərdə orijinal inşaat dövründən qalmış təsvirlər saxlanmaqdadır.
Zalda sultanın taxtı saxlanılır. Qalereyada sultanın anasının başçılığı ilə sultan arvadları otururdular. Zaldakı qızıl suyuna çəkilmiş stullar alman imperatoru II Vilhelmin, I Viktoriyanın hədiyyəsidir. Hazırda musiqi alətlərinin sərgiləndiyi saxlanc imperatorun şəxsi yataq otağına açılır. Güzgü arxasında yerləşən gizli qapı sultanın təhlükəsiz keçidini təmin edirdi. Oradan bir qapı Validə Sultanın otağına, digəri isə hamama aparır. Qarşı tərəfdə yerləşən iki qapıdan biri kiçik nahar otağına (III Əhmədin dövründə yenidən qurulub) və yataq otağına, digər isə Çeşməli otağa aparır. Çeşməli otağın dekorasiyası XVII əsrdə tamamilə yenidən qurulmuşdur.
III Muradın şəxsi otağı
III Muradın şəxsi otağındakı çeşmə III Muradın şəxsi otağı (III. Murad Has Odası) hərəmxanada original dekorasiyasını saxlamış ən yaxşı və qədim otaqdır. Otaq XVI əsrdə Memar Sinan tərəfindən dizayn edilmişdir. Zalın gümbəzi Taxt zalının gümbəzindən bir qədər kiçikdir. Bu zalda saray kompleksinin ən gözəl qapılarından biri yerləşir və həmin qapı Vəliəhd Şahzadələr qanadına aparır. Otaq mavi-ağ və korall qırmızı İznik kaşıları ilə bəzədilmidşdir. Zəngin nəbati naxışlar 1570-ci illərdə qalın narıncı xəttlərlə çərçivələnmişdir. Qapı və rəfin üstündən keçən yazılı kaşılar otağı əhatə edir. Arabesk formalı böyük qübbə qızıl suyuna çəkilmiş və sonradan qara və qırmızı boya ilə boyanmışdır. Qızıl suyuna çəkilmiş qapağı olan böyük kamen, rəngarəng mərmərlərlə işlənmiş iki mərtəbəli fəvvarə ilə üzbəüz yerləşir. Su şırıltısı otaqdakı söhbətlərin kənardan dinlənməsinin qarşısını almaqla, həm də sakitləşdirici atmosfer yaradırdı. Otaqdakı qızıl suyuna çəkilmiş iki baldahin yataq XVIII əsrə aid edilir.
I Əhmədin şəxsi otağı
Böyük yataq otağının digər tərəfində iki otaq yerləşir: I Əhmədin və III Əhmədin şəxsi otaqları. I Əhmədin şəxsi otağı (I. Ahmed Has Odası) İznik kaşıları ilə zəngin bəzədilmişdir. Otağın qapıları, pəncərə taxtaları, kiçik stol və Quran qabı mirvarilər və fil sümüyü ilə bəzədilmişdir.
III Əhmədin şəxsi otağı
I Əhmədin Şəxsi otağından sonra III Əhmədin şəxsi otağı (III. Ahmed Has Odası) yerləşir. Otaqda mürəkkəb quruluşa malik kaşı kamen yerləşir, divarlar isə gül və qablarda meyvə təsvirləri olan panellərlə bəzədilmişdir. Bu otaq həm də Yemiş otağı (Yemiş Odası) kimi tanınır və daha çox yemək otağı kimi istifadə olunmuşdur.
Vəliəhd otağı
Vəliəhd otağı (Çifte Kasırlar / Veliahd Dairesi) XVII əsrdə inşa edilmiş iki yaşayış otağından ibarətdir. Saraya bitişik birmərtəbəli bina kənardan yaxşı görünüşü təmin etmək üçün hündür inşa edilmişdir.
Binanın iki otağı da III Murad dövrünə aid edilsə də, onların I Əhmədin dövründə inşa edilmə ehtimalı da var. Tavan düz yox, köşk ənənəsinə uyğun olaraq, erkən Osmanlı memarlığı stilində, çadırı xatırladan konik formada qurulmuşdur. Çadırda olduğu kimi, bu binada da mebellər yoxdur, oturacaqlar isə divarların kənarında xalça ilə örtülmüş yerdədi. Bu otaqlar sarayın digər hissələrində istifadə edilmiş klassik Osmanlı memarlığının bütün xüsusiyyətlərini əks etdirir. Sonrakı dövrdə pavilyonun yenidən dekorasiya edilməsi zamanı barokko silli taxta üzərində oyma işlərinin əksəri dekorasiyadan çıxarılmışdır.
XVII əsr İznik kaşı istehsalının ən yaxşı nümunələrindən hesab edilən dekorativ kaşı nümunələri sökülərək müasir kopyaları ilə əvəz edilmişdir. Taxta tavandakı rəsmlər isə orijinaldır və XVI əsrin sonları-XVII əsrin əvvəlləri osmanlı memarlığının zəngin dizaynını əks etdirir. İkinci otaqda yerləşən kamen qızıl suyuna çəkilmiş uzun havasorana malikdir. Kamenın yanlarında yerləşən pəncərələr sədəflə işlənmişdir. Rəngli şüşələrlə işlənmiş pəncərələr terrasa və aşağıda yerləşən hovuzlu bağçaya açılır. Pəncərə spiqotları qırmızı, qara və qızılı rənglərlə işlənmişdir.
Şahzadələr burada inzivada yaşayırdılar; buna görə bu otaqlar həm də qəfəs adlandırılırdılar. Yetkinlik yaşına çatana kimi vəliəhd şahzadə və digər şahzadələr Osmanlı hərəmində tərbiyə edilir və nizam-intizam öyrədilirdi. Bundan sonra onlar hakim kimi Anadolu vilayətlərinə göndərilir və dövlət idarə etmə üzrə təhsillərini təyin olunduqları vilayətlərdə davam etdirirdilər. XVII əsrin əvvəllərindən başlayaraq şahzadələr saray idarəsində səs hüququ qazanmış hərəmdə yaşamağa başlayırlar. XVIII əsrin sonuna kimi Şahzadələr köşkü Vəliəhd şahzadənin köşkü kimi istifadə edilmişdir.
Sultan favoritlərinin həyəti
Sultan favoritlərinin həyəti (Gözdeler / Mabeyn Taşlığı ve Dairesi) hərəmxananın son bölməsi olmaqla böyük hovuz və palma bağından ibarətdir. XVIII əsrdə Mabeyn və Seçilmişlər mənzillərinin əlavə edilməsi ilə həyət genişləndirilmişdir. Sultanın sevimli arvadının mənzili Qızıl yolla və Güzgülü zalla birlikdə Mabeyn bölməsinin birinci mərtəbəsində yerləşir. Bu otaqlar I Əbdülhəmidin sarayda ən çox vaxt keçirdiyi yerlər olmuşdur.Taxta mənzil rokoko stilində dizayn edilmişdir.
Sultan favoritləri (Gözdeler / İkballer) sülalənin davamlığını saxlamaq üçün vasitə kimi istifadə edirdilər. Favoritlər hamilə qaldıqda xüsusi diqqət göstərilməsi üçün bütün cariyələrdən ayrılır və xüsusi otaqlarda xaslanılırdılar.
Qızıl yol
Qızıl yol XV əsrə aid edilən və sultanın otağına aparan ensiz dəhlizdir. Bu yol Hərəm Ağaları Daşlığından (Harem Ağaları Taşlığı) İmperator süfrəsinə (Has Oda) kimi uzanır. Sultan bu dəhlizi hərəmxana otaqları, şəxsi otaqlar və imperator süfrəsinə getmək üçün istifadə edirdi. Validə Sultan Daşlığı, Baş Haseki Mənzili, Şahzadələrin mənzilləri və Sultanın mənzili bu dəhlizə açılır. Dəhlizin divarları adi ağ rənglə boyanmışdır.
Hərəm qapısı
XIX əsrin sonlarına kimi Enderûn həyətinin küncündə kiçik bir kort olmuşdur. Bu kort Quşxana qapısı ilə hərəmə istiqamətlənir. Bu gün bu qapı ziyarətçilərin hərəmxananı tərk etdiyi qapı kimi istifadə olunur. Darvazanın ətrafındakı binalarda quşlar saxlanırdı. Quşxana qapısının üstündəki kitabədə qeyd edilir ki, "Mən, I Mahmud Quşxana mətbəxini bərpa etdirdim." 1916-cı ildə təmir işləri zamanı Hərəm qapısı ilə üzbəüz yerləşən quşxanadan hərəmxanaya açılan eyvan inşa edilmişdir. Binanın fasadı ənənəvi quşxana dizaynını əls etdirir.
İmperiya darvazası
İmperiya darvazasının ümumi görünüşü
Saraya aparan əsas küçə Bizans dövründə Mesa adlandırılmış Divan yolu küçəsi idi. Bizans və Osmanlı dövründə Mesa imperator keçidi üçün istifadə olunmuşdur. Birbaşa Aya Sofiyaya aparan küçə oradan, şimal-qərb istiqmətinə, mərkəzində III Əhməd bulağı yerləşən saray meydanına doğru dönür. Sultan saraya İmperiya darvazasından (Bâb-ı Hümâyûn və ya Porta Augusta) daxil olurdu, buna görə də sarayın cənubunda yerləşən həmin darvaza həm də Səltənət qapısı adlanır. 1478-ci ildə inşa edilmiş bu nəhəng qapı XIX əsrdə mərmərlə üzlənmişdir. Bu daş darvazanın nəhəng ölçüləri onun müdafiə xarakterini vurğulayır. Darvazanın yuxarısını qızılı osmanlı kalliqrafiyası və sultanların tuğraları bəzəyir. Müəyyən edilmiş tuğralar II Mehmedin və darvazanı yenidən qurdurmuş I Əbdüləzizin tuğralarıdır.
Darvazanın yazılarından birində deyilir:
| “Allahın rəhmi və icazəsi ilə, bu uğurlu qəsrin əsası qoyuldu, sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün tədricən onun hissələri birləşdirildi. Təhlükəsizliyin təmin olunması üçün, Allahın köməyi ilə bu çiçəklənən qəsrin inşasını Sultan I Mehmedin oğlu Sultan II Muradın oğlu, yerin və dənizlərin hökmdarı, Allahın insanlar və şeytanlar üzərində kölgəsi, Allahın Şərqdə və Qərbdə nümayəndəsi, Konstantinopolin fatehi Sultan Mehmed xan – qoy Allah onun imperiyasını əbədi etsin, onun hakimiyyəti altında olan torpaqlara parlaq ulduzlu səma bəxş etsin - sifariş etmişdir.” | |
Darvazanın hər iki tərəfində keşikçilər üçün otaqlar vardır. Darvaza səhər namazından axşam namazına kimi açıq olurdu.
Qədim sənədlərdə qeyd edilir ki, XIX əsrin II yarısına kimi darvazanın üstündə taxta otaq mövcud olmuşdur. Əvvəlcə Mehmedin pavilyonu kimi istifadə olunan bu otaq, sonradan varis qoymadan sarayda vəfat edəblərin əşyalarının saxlanması, daha sonra isə xəzinə üçün məmulatların qəbul edildiyi yer kimi istifadə olunmuşdur. Həmin otaqdan xüsusi hallarda hərəm qadınlarına nəzarət otağı kimi də istifadə olunmuşdur.
İmperiya darvazası Birinci həyətə əsas giriş qapısıdır. Həyətlərin hər biri bi-biri ilə əlaqəlidir və son həyət olan Dördüncü həyət sultanın şəxsi həyətidir.