Erkən dövr
"Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat"ın bayrağı
Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya İmperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.
Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır.
Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan M.Ə. Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.
Müsavat Partiyasının I qurultayı
1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək "Türk Ədəmi-mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar. Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir.
Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib.
125 deputatlıq Zaqafqaziya Seymində Müsavat 30 deputatla təmsil olunub.
1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçildi.
1918–1920-ci illərdə dövlət quruculuğu prosesində, Parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.
1919-cu ildə partiyanın ikinci qurultayı keçirilib.
Gizli fəaliyyət dövrü
Əsas məqalə: Gizli Müsavat
1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır. M.Ə. Rəsulzadənin başçılığı ilə yaranan "Gizli Müsavat" Təşkilatı – Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Sadıq Quluzadə, Məmməd Həsən Baharlı və Cəfər Cabbarlıdan ibarət ümumi mərkəzi bir heyətlə fəaliyyətə başlayır. Mirzəbala Məmmədzadədən sonra 1923–1926-cı illərdə gizli müqavimət hərəkatının rəhbəri doktor Dadaş Həsənzadə olmuşdur. Müsavatın təşkilatçılığı ilə Azərbaycanda Sovet hakimiyyəti illərində bir sıra silahlı üsyan olub.
1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın "Yeni Proqram Əsasları" qəbul edilir.
Mühacirət dövrü
Gizli Müsavat təşkilatının fəalları Dadaş Həsənov (4), Əhməd Hacınski (1), İsmayıl Qasımzadə (2) və başqaları həbsxanada. 1926 il.
1920-ci ilin 27 aprelindən – Azərbaycanın işğal günündən Müsavat Partiyası gizli fəaliyyətə başladı. M.Ə. Rəsulzadənin rəhbərliyi ilə Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə və Məhəmməd Həsən Baharlıdan ibarət Müsavatın gizli "Ümumi Mərkəzi" yaradıldı.
"Gizli Müsavat" təşkilatı bolşevik işğalına qarşı etiraz xarakteri daşıyan bəyannamələri 28 may, 27 aprel günlərində xalq arasında yayır, milli mübarizə ruhunu ölməyə qoymurdu.
1920–1930-cu illərdə Azərbaycanda çoxlu sayda silahlı üsyanlar, kəndli qiyamları izsiz ötüşməyərək buradakı sovet hökumətini sarsıtmışdı.
Müsavat Partiyasının təbliğat işi çox güclü aparılırdı. Sovet hökumətinin Azərbaycandakı bütün işləri diqqətlə izlənilir, onların hər yalan şüarı Müsavat tərəfindən təkzib edilirdi. Orta və ali məktəblərdə güclü təbliğat işləri görülür, sovet hakimiyyətinin işğalçı məqsədi adamlara anladılırdı. Hər baxımdan güclü təbliğatçılar yetişdirmək üçün Müsavat gizli siyasi kurslar və məktəblər açırdı.
Müsavatçılara qarşı Sovet hökuməti amansız cəza sistemi tətbiq edirdi. M.Ə. Rəsulzadə bildirirdi ki, 1923-cü ilin avqustunadək iki min müsavatçı həbs edildi. Ümumilikdə isə, 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olub.
Bütün bunlara baxmayaraq, müsavatçılar keçən əsrin 30-cu illərinin sonuna kimi Sovet hakimiyyətinə qarşı ölkə daxilində mübarizə aparıblar.
Yeni Proqram Əsasları
1936-cı ilin avqustunda Polşada, Varşava şəhərində Müsavat Partiyasının Konfransı keçirildi. Partiyanın rəsmi yığıncağına verilən 17 illik fasilədən sonra keçirilən bu konfransın böyük əhəmiyyəti vardı. Partiya lideri M.Ə. Rəsulzadə "Milli hərəkatda partiya fəaliyyəti" haqqında çıxış etdi. Konfransda partiyanın "Yeni Proqram Əsasları" qəbul edildi. "Yeni Proqram Əsasları"nda bir fikrə başlıca üstünlük verilirdi: Müstəqil Azərbaycan Xalq Cumhuriyyətini rus istilasından qurtarmaq və onu qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşatmaq!
Yeni Proqram Əsasları müsavatçılığın tərifini belə müəyyənləşdirirdi: "Müsavatçılıq böyük Türk Kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cumhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir".
"Yeni Proqram Əsasları" Milli Təsanüdə cəmiyyətdə böyük ehtiyac duyulduğunu vurğulayaraq bildirirdi: "… Bu surətlə, müsavatçılıq, Milli Birlik və Təsanüdü əsas olaraq alır və hər türlü sinif və zümrə hakimiyyətini rədd edir".
II Qurultay
Müsavat Partiyasının II qurultayı
Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə M.Ə. Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
II qurultayda aşağıdakı qərarlar qəbul edilib:
- Qafqaz konfederasiyası;
- Denikin təhlükəsi;
- Dağıstan məsələsi.
Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd.
Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.
Proqramın ikinci hissəsi aşağıdakı bölmələrdən ibarət idi:
- Şəkli idarə;
- Həqqi-əhliyyət;
- İqtisad və maliyyə işləri;
- Torpaq məsələsi;
- İşçi məsələsi;
- Ədliyyə məsələsi;
- Ruhani idarəsi məsələsi;
- Maarif məsələsi.
İkinci qurultayda M.Ə. Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.
Yeni dövr
1989-cu ilin oktyabrın 29-da bir qrup insan Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ı yaradırlar.
1990-cı ilin iyunun 29-da partiya adını Azərbaycan Milli Müsavat (Xalq) Partiyası olaraq dəyişir.
1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır. Partiyanın adı Müsavat Partiyası olaraq dəyişdirilir.
Müsavat Partiyasının III (Bərpa) Qurultayı
1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilmiş və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilmişdir.
2000-ci ildə AXCP daxilində bölünmə baş vermiş, partiya klassiklər və islahatçılar qanadına bölündü. Mirmahmud Mirəlioğlu liderliyində klassiklər qanadında fəaliyyət göstərən (daha sonralar özlərini Rəsulzadə-Elçibəy fraksiyası adlandıran) 22 nəfər sonralar partiyadan uzaqlaşdırılmışdı. Daha sonra Rəsulzadə-Elçibəy fraksiyası Müsavat Partiyasına müraciət edərək partiyaya qəbul olundular. Fraksiyaya Arzu Səmədbəyli, İsa Bağırov, Novella Cəfəroğlu, Oktay Qasımov, Qubad İbadoğlu, Ülvi Həkimov kimi şəxslər daxil idi.
2010-cu ildə AXCP və Müsavat birləşmək qərarı almışdı. Lakin daha sonra bu birləşmə gerçəkləşmədi.
Müsavat Partiyasının VIII qurultayı
27 sentyabr 2014-cü ildə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının qurultayı keçirilmişdir. Qurultay zamanı baş tutan başqanlıq seçkilərində 449 nəfər seçici, 3 namizəd iştirak etmiş və 228 səs yığan Arif Hacılı partiyanın 6-cı başqanı seçilmişdir. Digər namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs yığmışdır.